Azərbaycan xəbərləri
“Neftçi” ispan məşqçi ilə anlaşıb

-
"Neftçi” futbol klubu ispaniyalı məşqçi Fransisko Navarro ilə müqavilə imzalayıb.
Bu haqda klubun saytı xəbər verir.
Xəbərdə qeyd edilir ki, 46 yaşlı mütəxəssisin zəngin təcrübəsi var. F.Navarro əvvəllər "Rekreativo”, "Albasete”, "Deportivo” klublarında çalışıb.
Fiziki hazırlıq üzrə məşqçinin son iş yeri Bilbaonun "Atletik” klubu olub. F.Navarro orda 4 il çalışıb.
“Neftçi”nin saytı yazır ki, məşqçinin son çalışdığı Bilbao təmsilçisində hər zaman yerli futbolçular çıxış edib. Az sayda legionerin çıxış etdiyi "Atletik” klubunun futbolçularının əksəriyyəti klubun öz yetirmələri olub.
F.Navarro ilə müqavilə bağlanarkən də məhz bu amilə xüsusi diqqət yetirildiyi bildirilir.
Ancaq klub müqavilənin maddi tərəfini açıqlamır.
Bütün xəbərləri izləyin
Əli Kərimlinin mühafizəçisinin həbs müddəti uzadılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalovun (Basqal) həbs müddəti daha 2 ay uzadılıb.
İyulun 21-də bununla bağlı Suraxanı rayon Məhkəməsi istintaq qurumunun vəsatətini təmin edib.
K.Basqalın yaxınlarının sözlərinə görə, prosesdə iştirak edən müstəntiq həbs müddətinin artırılması ilə bağlı vəsatəti müdafiə edib və bunu istintaqın hələ başa çatmaması ilə izah edib.
Müdafiə tərəfi isə bununla razı olmayıb. Onlar hesab edirlər ki, K.Basqalın həbsdə olduğu bu 4 ayda istintaq hərəkətı aparılmayıb.
Lakin hakim istintaq orqanının vəsatətini təmin edib.
"Üstəlik, Kənan Basqalın ailə üzvləri ilə görüşünə qanunsuz olaraq qadağa qoyulub", - onun yaxınları AzadlıqRadiosuna bildiriblər.
Bu deyilənlərə cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
K.Basqal bu il martın 21-də saxlanıb. O, Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 36 yaşlı bir şəxsi qarın nahiyəsindən bıçaqlamaqda ittiham edilir. K.Basqal ittihamı qəbul etmir və şərləndiyini bəyan edib.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Onlardan bir neçəsinin də elə AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi olduğu bildirilir.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Xalq Cəbhəsi üzvünün həbsdə təxribatla üzləşdiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Təşkilat şöbəsinin həbsdə olan müdir müavini Elxan Əliyevin 17 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) təxribatla üz- üzə qaldığı bildirilir.
Bu barədə həmin partiyadan məlumat verilib.
Partiya yoldaşlarının deməsinə görə, bir müddət əvvəl 6 saylı CÇM- dən yeri dəyişdirilmiş E.Əliyevin gününü 17 saylı CÇM-də, sözün əsl mənasında, qara edirlər.
"Elxan bəy ailəsinə bildirib ki, müəssisəyə gəldiyi gündən rəhbərlik tərəfindən ayrıseçkiliyə məruz qalır. Belə ki, Elxan bəyə salam verən, onunla yaxınlıq edən dustaqlara müəssisə rəhbərliyi xəbərdarlıq edib, töhmət verir . Bundan başqa, digər dustaqları Elxan bəyin üstünə qaldırırlar ki, Elxan bəy aqressiv cavab versin. Bununla da Elxan bəyi təxribata çəkib daha ağır cəza versinlər. İş o yerə çatıb ki, Elxan bəy normal qidalana da bilmir...", - AXCP-dən bildirilib.
AXCP-dən vurğulanıb ki, bu cür münasibət insult keçirmiş E.Əliyev üçün həyatı təhlükə yaradır: "Elxan bəyin verdiyi məlumata görə, bütün bunların başında Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov durur. Məhz onun tapşırığı əsasında o hər gün təxribatla üz-üzə qalır".
Bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bu xidmətdən, bir qayda olaraq, iddia edirlər ki, onlar məhbuslarla qanun çərçivəsində davranırlar.
Dələduzluqda ittiham edilən E.Əliyev ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə 5 il həbs cəzası alıb. O, ittihamı qəbul etmir.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda 15 civarında üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 370-dan çox siyasi məhbus var.
Ülvi Həsənli yenidən aclıq aksiyasına başladığını elan edib

"Abzas Media" nəşrinin həbsdə olan direktoru Ülvi Həsənli iyulun 20-dən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bununla bağlı ictimaiyyətə müraciətində bu qərarı Penitensiar Xidmətin məhkəmə qərarlarını yerinə yetirməməsi ilə əlaqələndirib.
Həsənli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti iyulun 3-də təmin edib və bu qərar Penitensiar Xidmətə təqdim olunub. Lakin onun qeyd etməsinə görə, 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, qərar hələ də icra olunmayıb.
"Görünür, Penitensiar Xidmət məhkəmə qərarlarını saymır və özünü məhkəmədən üstün tutur", –Həsənli vurğulayıb.
Ü.Həsənli daha əvvəl də eyni məsələ üzündən doqquz günlük aclıq aksiyası keçirdiyini, lakin qadın həmkarlarının da ona dəstək olaraq aclığa başlaması və onların sağlamlığı ilə bağlı narahatlıq səbəbi ilə aksiyanı dayandırdığını bildirib. Həmçinin qeyd edib ki, Penitensiar Kompleksin rəhbərliyi ona 12 iyula qədər köçürüləcəyi vədini versə də, bu vəd yerinə yetirilməyib.
Həsənlinin sözlərinə görə, hazırda saxlanıldığı Umbakı qəsəbəsindəki Penitensiar Kompleks Bakı İstintaq Təcridxanasından daha uzaqda yerləşir və bu, onun ailəsi, vəkilləri, xüsusilə də 3 yaşlı övladı ilə görüşünə ciddi maneə yaradır: "Burada övladımla görüşmək üçün heç bir şərait yoxdur. Ona görə, ümumiyyətlə, görüşə bilmirəm".
O, hesab edir ki, baş verənlərin səbəbi onların çıxışlarıdır: "Bunlar bizim yazılarımıza görə edilir...".
Ü.Həsənli qadın həmkarlarından xahiş edib ki, ona dəstək aksiyasına qoşulmasınlar.
Bu müraciətə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda "AbzasMedia işi" üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimin qərarı ilə "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, "AbzasMedia"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.
Hökmdən sonra onlardan Ü.Həsənli və daha bir neçəsi Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər. Müdafiə tərəfi hesab edir ki, hökm tam qüvvəyə minmədiyindən bu qərar qanunsuzdur.
"AbzasMedia işi" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb.
Xatırlatma
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.
Əliyev: 'Bizim ərazidə heç bir icarədar ola bilməz'

Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumda Ermənistanın Sünik bölgəsindən keçəcək yolla bağlı ABŞ-dən təklif gəlməsi və buna Ermənistanın münasibəti ilə bağlı suala cavab verib.
İ.Əliyev vurğulayıb ki, əslində bu sual Ermənistan rəhbərliyinə ünvanlanmalıdır: "Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan nə etmək istəyir? Onlar çox şey edə bilərlər, mənim bundan xəbərim yoxdur".
Əliyevin sözlərinə görə, onlar üçün isə "ən başlıca məsələ odur ki, ...Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçid olmalıdır".
Bugünlərdə Ermənistan baş naziri Nikol Paşinyan da Sünik (Zəngəzur) yolu ilə bağlı ABŞ-dən təkliflər aldıqlarını təsdiqləmişdi.
Onun deməsinə görə, Ermənistan təkcə ABŞ-dən deyil, digər dost ölkələrdən də müxtəlif təkliflər alıb və almaqda davam edir. "Çox vacib bir məqam var – müzakirə olunan bütün məsələlər Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası əsasında aparılır", –N.Paşinyan vurğulayıb.
ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak iyulun 13-də Nyu-Yorkda jurnalistlərə bildirib ki, ölkəsi Naxçıvanla Azərbaycanın qalan hissəsini birləşdirəcək yolu 100 il müddətinə icarəyə götürmək təklifini edib.
Azərbaycan hökuməti Naxçıvanla quru əlaqəsini nəzərdə tutan, Ermənistanın Sünik ərazisindən keçməli olan yola "Zəngəzur dəhlizi" deyir. Ermənistan tərəfi isə bunu ərazi iddiası adlandırır.
Ermənistanla kommunikasiya xətlərinin açılması məsələsi əvvəllər sülh sazişi layihəsində yer alsa da, tərəflər 2024-cü ilin avqustunda bəyan etdi ki, bu müddəa qarşılıqlı razılıq əsasında layihədən çıxarılıb.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.
Ələsgər Məmmədlinin səhhətinə görə prezidentə müraciət edilib

Azərbaycanda bir qrup vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri və ziyalılar "ToplumTV iși" üzrə həbsdə olan media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin səhhətindəki problemə görə ölkə prezidentinə müraciət ediblər.
Müraciətdə bildirilir ki, 2024-cü il martın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Ə.Məmmədlinin səhhətində ağırlaşmalar müşahidə olunub: "Ultrasəs müayinəsi zamanı qalxanvari vəzinin boyun hissəsində 23 mm ölçüdə heterogen (müxtəlif), periferik, vaskulyarizasiyalı TİRADS III düyün (50-75 faiz xərçəng ehtimalı), qaraciyərin steatozhepatozu (qaraciyər piylənməsi), pankreasın (mədəaltı vəzi) fibroz parenximatoz exostruktur dəyişikliyi, hər iki böyrəkdə mikrolitlər (kristallar), kalsinatlar (kalsium yataqları) və prostat vəzində 7 mm ölçüdə kalsinat aşkar edilib".
Müəlliflər vurğulayıblar ki, tibbi protokola görə, qalxanvari vəzin ölçüsünün 15 mm-dən böyük olması cərrahi əməliyyatı zəruri edə bilər.
Müraciətdə habelə əlavə olunub ki, Ə.Məmmədlidə kəskin boğulma, fasiləsiz başağrısı, başgicəllənməsi və ürəkbulanma kimi simptomlar artmaqdadır və bu hal onun həyatı üçün real təhlükə yaradır: "Təcili cərrahi əməliyyat olunmazsa, səhhəti daha da ağırlaşa və geridönməz vəziyyət yarada bilər".
Müraciət müəllifləri həmçinin Milli Mətbuatın 150 illiyi ərəfəsində media hüquqları sahəsində tanınmış ekspert saydıqları Ə.Məmmədliyə humanist yanaşma göstərilməsinə ümid etdiklərini bildiriblər. Onlar prezidentdən Ə.Məmmədlinin özəl klinikaların birində cərrahi əməliyyat olunması üçün hüquqi imkanların nəzərdən keçirilməsini xahiş ediblər.
Media hüququ üzrə ekspert və "Toplum" İnternet Televiziyasının həmtəsisçisi Ə.Məmmədlini 2024-cü martın 8-də Bakıda klinikaların birindən çıxarkən mülkigeyimli şəxslər saxlayıb. Ona qarşı irəli sürülən ittihamlar arasında valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması kimi ciddi ittihamlar yer alır. Özü bu ittihamları rədd edir və siyasi motivli olduğunu bildirir.
"ToplumTV işi" üzrə ümumilikdə 10-a yaxın şəxsə cinayət işi açılıb. Onların hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyir.
Xatırlatma
Bütövlükdə isə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 370 siyasi məhbus var.
Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin sırf peşə fəaliyyəti üzündən siyasi səbəblərlə həbs olunmadığını vurğulayırlar və iddia edirlər ki, sözügedən siyahılarda adları çəkilənlər törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.
Avropa Məhkəməsi işgəncə gördüyünü deyən Taleh Bağırovun hüquqlarının pozulduğunu tanıyıb

Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 16-da Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırovun və jurnalist Fikrət İbişbəylinin işgəncəyə məruz qalma şikayətləri ilə bağlı qərarını verib.
T.Bağırov 2015-ci il noyabrın 26-da (Nardaran hadisələri zamanı) Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılarkən işgəncəyə məruz qalmasına dair şikayət verib.
Məhkəmə hesab edib ki, şikayətə bağlı yerli qurumlar hərtərəfli araşdırma aparmalı idi, digər tərəfdən, ərizəçinin pis rəftara məruz qalması tibbi sənədlərlə təsdiq edilirdi. Beləliklə, AİHM Avropa Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq hüququ) maddəsinin maddə və prosessual aspektdən pozuntusunu tanıyıb.
2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirmişdi. Əməliyyat zamanı ikisi polis olmaqla, altı nəfər həlak olmuşdu. Həmin gün Müsəlman Birliyi Hərəkatının sədri T.Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq və s.) ittihamlar verilib. T.Bağırov 20 il həbs cəzası alıb və ittihamları qəbul etməyib.
Məhkəmədə də polislərin onlar tərəfindən öldürülmədiklərini və onlarda silah olmadığını vurğulayıblar.
Jurnalistin şikayəti
AİHM həmçinin jurnalist Fikrət İbişbəylinin (Fərəməzoğlu) də 2016-cı ildə BMCMİ əməkdaşları saxlarkən işgəncəyə məruz qalmasına dair şikayətinin effektiv araşdırılmaması qənaətinə gəlib və bunu Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab edib.
T.Bağırova mənəvi zərərə görə 10 min avro, F.İbişbəyliyə isə 5 min avro kompensasiya ödənilməli olması müəyyən edilib.
Jurnalist Araşdırma Mərkəzinin və jam.az saytının rəhbəri F.İbişbəyli 2016-cı il iyunun 30-da saxlanıb.
2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə təqsirli bilinərək 7 il azadlıqdan məhrum olunub. O, müxtəlif restoran, iaşə obyektləri sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanırdı. Amma jurnalist ittihamı qəbul etmir, deyirdi ki, sifarişlə həbs olunub. O, 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Qərarlara Azərbaycan Məhkəmə Hüquq Şurası, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma DİN, bir qayda olaraq, saxlanan şəxslərə polisdə işgəncə verilməsi ilə bağlı şikayətləri buna qədər əsassız sayıb.
'Epi' ləqəbli reper Əkbər Novruzlu 30 sutka həbs edilib

"Epi" ləqəbli reper Əkbər Novruzlunun iyulun 16-da saxlandığı bildirilir.
Yerli saytların məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 510-cu (Xırda xuliqanlıq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs edilib.
Həbs qərarının Səbail rayon Məhkəməsində verildiyi bildirilir. Amma məsələni məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.
Sosial şəbəkələrdə isə Ə.Novruzlunun bir neçə gün əvvəl "Paster" ləqəbli repçi ilə rep deyişməsində hakimiyyətə yaxın şəxslərə məxsus olduğu bildirilən bankların adlarını çəkdiyi və bu üzdən onunla bağlı polisə şikayət olunduğu iddia edilir. Lakin bu iddiaya repçinin yaxınlarından hər hansı münasibət almaq mümkün olmayıb.
Xatırlatma
"Paster" ləqəbli repçi Pərviz Quluzadə 2019-cu il dekabrın 27-də 30 sutka inzibati həbsə məhkum edilmişdi. Daxili İşlər Nazirliyi (DİN) onun narkotikin təsiri altında ictimai asayişi pozduğunu və polisin qanuni tələbinə tabe olmadığını bildirmişdi. Binəqədi rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmama maddələri ilə cəzalandırmışdı. Lakin onda da sosial şəbəkələrdə onun məhz kliplərinin birində oxşar ifadələr işlətdiyinə görə cəzalandırıldığı vurğulanırdı. Lakin həmin məsələdə adı hallanan bank bu işə aidiyyətlərinin olmadığını açıqlamışdı.
'Hacı Vəliyevlə bağlı müraciətlər cavabsız qalıb'

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri Hacı Vəliyevin həbsdə qeyri-insani rəftara məruz qalması və zorakılıqla üzləşməsi ilə bağlı rəsmi qurumlara edilən müraciətlərə hələ də cavab verilmədiyi bildirilir.
Bu barədə müdafiə tərəfinə istinadla onun yaxınları məlumat veriblər.
Onların bildirməsinə görə, müdafiə tərəfi iyulun 1-də konkret Ombudsman Aparatına, Ədliyyə Nazirliyinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət ediblər. Yaxınlarının sözlərinə görə, bu iki həftə ərazində müdafiə tərəfinin müraciətinə heç bir reaksiya verilməyib.
Hacı Vəliyevin səhhətinin pisləşdiyi deyilir
Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) həbsdə olan sədri Hacı Vəliyevin aclıq aksiyasını davam etdirdiyi bildirilir.
Bu barədə iyulun 15-də onun yaxınları məlumat yayıblar.
Məlumatda vurğulanır ki, H.Vəliyev səhhətinin getdikcə daha da pisləşdiyini, buna baxmayaraq aclıq aksiyasını davam etdirməkdə israrlı olduğunu çatdırıb.
Onun həmçinin, saxlanma şəraitindən və Qarabağ savaşında xəsarət alan gözünün müalicə edilməməsindən narazı olduğu, müəssisədə izolyasiya şəraitində saxlanıldığını bildirdiyi söylənir.
Yaxınlarının bundan da əvvəl açıqladıqlarına görə, H.Vəliyev iyunun 21-dən "ədalətsiz mühakiməsinə qarşı" aclıq aksiyası keçirir. Daha əvvəl onunla görüşən vəkilləri də onun yeriməkdə çətinlik çəkdiyini bildirmişdilər.
Yaxınlarının əlavə etməsinə görə, H.Vəliyev hazırda Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanır.
Bu açıqlamaya Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
H.Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Xatırlatma
H.Vəliyev bu il aprelin 1-də həbs edilib. İttihami qəbul etmir. Onun həbsindən sonra "Gənc Qazilər" İB-nin fəaliyyətini dayandırdığı açıqlanıb. Bu barədə həmin qurum adından yayılan məlumatda qeyd olunub ki, son dövrlər yaranmış bir sıra obyektiv, subyektiv səbəblər, o cümlədən üzvlər arasında əlaqələrin zəifləməsini nəzərə alaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb: "Yekun nəticə olaraq, birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik".
H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib.
"Gənc Qazilər" İB 2021-ci ildə "Qarabağ Qaziləri" İB-nin əsasında yaradılmışdı.
Azərbaycanda külək elektrik stansiyalarında istehsal azalıb
2025-ci ilin birinci yarımilində Azərbaycanda elektrik enerjisinin istehsalı 291.5 mln. kVt/st. - 2.2 faiz artaraq 13 mlrd. 849.3 mln. kVt/st. olub.
Bu barədə Energetika Nazirliyi iyulun 15-də məlumat yayıb.
Bu dövrdə istilik elektrik stansiyalarında 11 mlrd. 519,2 mln. kVt/st, su elektrik stansiyalarında 1 mlrd. 860 mln. kVt/st elektrik enerjisi istehsal olunub.
Amma rəsmi açıqlamaların müqayisəsi göstərir ki, ayrılıqda götürəndə günəş elektrik stansiyalarında istehsalda artım olsa da, külək ( -8.7 mln.kVt/st) və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda ( -0.5 mln.kVt/st) azalma var.
Bununla belə nazirlik vurğulayır ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə bərpa olunan enerji mənbələrindən 297.2 mln. kVt/st artımla 2 mlrd. 330.1 mln. kVt/st elektrik enerjisi hasil edilib.
2025-ci ildə Azərbaycanda yaşıl enerji (bərpa olunan enerji) istehsalının payının 24 faizə çatdırılması hədəflənir. Ölkənin ümumi enerji istehsalında bu payın 2030-cu ildə isə 30 faizə yüksəldilməsi planlaşdırılır. Amma 2024-cü il göstəricilərinə görə, bu rəqəm 21 faiz civarında olub.
Bəzi müstəqil iqtisadçılar düşünür ki, Azərbaycanda bərpa edilən enerji istehsalı bu sahəyə qoyulan investisiyalara adekvat deyil. Onların fikrincə, həmin sahəyə qoyulan vəsaitdən heç də səmərəli istifadə mümkün olmayıb. Bu sahədə mövcud sayılan bir çox qurğuların faktiki işləmədikləri vurğulanır.
'Media haqqında' Qanuna dəyişikliklər qəbul edildi

Bu gün, iyulun 14-də Milli Məclis "Media haqqında" Qanuna təklif edilən dəyişiklikləri qəbul edib.
Dəyişikliklərə əsasən, xarici media qurumlarının filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra yeddi iş günü ərzində Media Reyestrinə daxil edilməlidir. Qanun pozulduqda və ya Media Reyestrindən çıxarıldıqda həmin qurumların fəaliyyəti dayandırılacaq, onların saytlarına giriş məhdudlaşdırılacaq.
Yeniliklərə görə, xarici jurnalistlər və nümayəndəliklərdə çalışan əməkdaşlar Media Reyestrinə daxil edilməyəcək.
Qanun layihəsi informasiya agentlikləri üçün də tələbləri sərtləşdirir. Agentliklərin azı 20 media orqanı ilə müqaviləsi və beş xarici ölkədə akkreditə olunmuş jurnalisti olmalıdır.
Media subyektlərinin adlarının ictimai qaydalara, mənəviyyata və əxlaqa uyğun olması, istifadəçiləri çaşdıran ifadələrdən istifadə edilməməsi də yeni tələblər arasındadır.
Media Reyestrinə daxil olmayan çap və onlayn media subyektlərinin fəaliyyətinə xitam veriləcək. Eyni zamanda, reyestr tələblərinə əməl etməyən media qurumları xəbərdarlıqdan sonra pozuntuları davam etdirərsə, reyestrdən çıxarılacaq və saytlarına giriş məhdudlaşdırılacaq.
Qanunvericilik dəyişikliklərinə əsasən, çap məhsulları Media Reyestrində qeydiyyatsız yayıldığı halda, fiziki şəxslər 500-1000, vəzifəli şəxslər 1500-2500, hüquqi şəxslər isə 3000-5000 manat cərimələnəcək.
Son dəyişikliklərə görə, qanunvericiliyin tələblərinə əməl etməyən xarici media qurumlarının filial və nümayəndəlikləri ləğv olunaraq hüquqi şəxslərin dövlət reyestrindən çıxarılacaq.
Bəzi media ekspertləri düşünür ki, əlavələrlə qanunda bir qədər də məhdudlaşdırmalar artırılır. Onların fikrincə, dəyişikliklərdən sonra bu qanun beynəlxalq standartlardan bir qədər də uzaqlaşır.
Xatırlatma
Azərbaycanda "Media haqqında" Qanunu parlament 2021-ci ildə qəbul edib. Prezident onu 2022-ci ilin əvvəlində imzalayıb.
Qanunun qəbulu ərəfəsində bir sıra jurnalist və ekspertlər etiraz aksiyası keçirərək ona qarşı çıxmışdılar. Onların fikrincə, sənəddə xüsusilə reyestrlə bağlı tələblər müstəqil jurnalist və media orqanlarının çərçivəyə salınmasına xidmət edəcək. Hərçənd, parlamentdəki çoxluq belə fikirləri əsasız sayırdılar.
AXCP üzvünün 'karser'ə salındığı bildirilir

Hazırda 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (tubzon) həbs cəzası çəkən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Elbəyi Kərimlinin cərimə kamerasına (karser) salındığı bildirilir. Bu barədə iyulun 13-də "Azadlıq" qəzetinin vebsaytında məlumat yayılıb.
Məlumatda iddia edilir ki, Kərimli cəzaçəkmə müəssisəsinə Ədliyyə Nazirlinin Penitensiar Xidmətindən gələn nümayəndələrin önündə tənqidi çıxış edib, şərlənərək həbs olunduğunu deyib, bundan sonra isə o döyülüb və "karser"ə salınıb.
Onun cərimə kamerasına nə vaxt və nə qədər müddətə salındığı haqda məlumat verilmir.
Bu iddialara Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma bu qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulanıb ki, onlar məhbuslarla yalnız qanun çərçivəsində davranırlar.
Kərimlinin 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə "Stalin" yazdıqdan sonra narkotik ittihamı ilə həbs olunduğu bildirilir. 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona satış məqsədilə külli miqdarda narkotik saxlama maddəsi ilə 6 il həbs cəzası verib.
Sonradan Ali Məhkəmə onun hökmündən satış məqsədini çıxararaq cəzasını 5 ilə endirib.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda ümumilikdə 15 civarında üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 370-dan çox siyasi məhbus var.
6 mindən çox vətəndaş hakerlərin qurbanına çevrilib [Rəsmi]

6 min 200-dən artıq istifadəçinin hakerlərin qurbanına çevrildiyi müəyyən olunub. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) iyulun 14-də yaydığı məlumatda bildirilir.
Xidmət vurğulayıb ki, dövlət qurumlarını təhlükələrdən qorumaq məqsədilə informasiya təhlükəsizliyi üzrə audit və monitorinqləri davam etdirirlər. "Cari ilin birinci yarım ili ərzində 47 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevrilib", - XRİTDX-n məlumatında əlavə edilib.
Bildirilir ki, hakerlərin hədəfinə çevrilmiş dövlət qulluqçularının 16 faizi admin səlahiyyətli əməkdaşlar olublar: "Bu da ciddi narahatlıq doğurmaqla yanaşı, həmin dövlət qurumlarında daxili informasiya təhlükəsizliyinə nəzarətin kifayət qədər olmadığını və bu sahədə zəruri addımların atılmadığını göstərir".
Vurğulandığına görə, internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər: "2025-ci ilin birinci yarımilində hakerlərin qurbanına çevrilmiş dövlət xidməti istifadəçiləri olan vətəndaşların sayı 6 min 164 olub".
Xidmət haker qurbanlarına çevrilən dövlət xidməti istifadəçilərinin təmsil olunduğu qurumların siyahısını da dərc edib. Bu, siyahıda ilk yerdə Dövlət İmtahan Mərkəzi (2 min 406 vətəndaş) gəlir. Sonrakı yerlərdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dövlət Vergi Xidməti və Daxili İşlər Nazirliyi gəlir. Bütünlükdə siyahıda 20-dən çox qurumun adı çəkilir.
Rəsmi açıqlamaya sözügedən qurumlardan münasibət almaq mümkün olmayıb.
İctimai fəalın 30 sutka həbs edildiyi bildirilir

İctimai fəal Anar Abdulla inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə onun yaxınları məlumat yayıb.
Yaxınlarının sözlərinə görə, fəal iyulun 11-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib.
Onların vurğulamasına görə, A.Abdulla məhkəmədə bildirib ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib.
Bütün bu deyilənlərə Binəqədi rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
A.Abdulla Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli ilə birlikdə cinayət işinə cəlb olunub. O, qaçaqmalçılıq da daxil olmaqla səkkiz maliyyə cinayəti əməlində ittiham olunur. Barəsində polisin nəzarətinə vermə-qətimkan tədbiri seçilib.
Xatırlatma
SMDT rəhbəri A.Məmmədli ötən il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, istintaqın sonunda qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. əlavə maddələrlə ittiham ağırlaşdırılıb. Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 370-dən çox siyasi məhbus var. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi iradəsinə görə insanların təqib olunmadığını bildirir və siyasi məhbusların olmasını qəbul etmir.
Azərbaycan ifadə azadlığına görə 144-cü yerdə

İllik Qlobal İfadə Hesabatına (2025) görə, 5.6 milyarddan çox insan son 10 ildə ifadə azadlığının azalması ilə üzləşib.
Hesabata əsasən, ifadə azadlığı reytinqləri 77 ölkədə aşağı düşüb, hazırda yalnız 35 ölkə "açıq" kateqoriyasında yer alır. Bu, qlobal miqyasda ifadə azadlığının ciddi şəkildə gerilədiyini göstərir.
Hesabatda qeyd olunur ki, son 10 il ərzində ifadə azadlığında yaxşılaşma yalnız dünya əhalisinin 4 faizinə – 300 milyondan az insana təsir edib. Bu müsbət dəyişiklik cəmi 15 ölkədə qeydə alınıb.
Hər 20 nəfərdən biri ifadə azadlığında irəliləyiş, 19 nəfər bunun əksini –geriləmə yaşayıb.
Bu il ən yüksək reytinqə malik ölkələr Danimarka, İsveçrə və İsveç olub (müvafiq olaraq 94, 93 və 93 bal). Siyahının sonunda isə Belarus, Nikaraqua və Şimali Koreya qərarlaşıb (müvafiq olaraq 1, 1 və 0 bal).
Qeyd olunub ki, təkcə bir il ərzində (2024) 13 ölkənin göstəriciləri azalıb.
Hesabatın təqdim etdiyi şkalada Azərbaycan 6 balla 161 ölkə arasında 144-cü yerdə qərarlaşıb. Ölkə ifadə azadlığının "böhran vəziyyətində" olduğu kateqoriyaya daxildir.
Azərbaycanın qonşuları olan Gürcüstan 56 balla 77-ci, Ermənistan 67 balla 59-cu sırada qərarlaşıb. Türkiyə siyahıda 9 balla 137-ci, Rusiya 3 balla 151-cidir.
Azərbaycanda rəsmi işləyənlər azalır
2025-ci ildə Azərbaycanda rəsmi işləyənlərin sayı azalıb. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Komitənin bu gün, iyulun 11-də yaydığı son məlumata görə, 2025-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 769.2 min nəfər olub. Onlardan 873 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 896.2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bundan bir ay əvvəl, mayın 1-də isə onların sayı 1 milyon 771.7 min, ilin əvvəlində isə 1 milyon 778.5 min nəfər təşkil edib. Beş ay ərzində ölkədə rəsmi işləyənlərin sayı 10 minə yaxın azalıb.
İlin əvvəlində işləyənlərin 882.8 min nəfəri dövlət, 895.7 min nəfəri isə qeyri-dövlət sektorunun payına düşüb. Bu rəqəmlərdən bəlli olur ki, işini itirənlər dövlət sektorunda çalışırmışlar.
Rəsmi rəqəmlərə görə, Azərbaycanda əməkqabiliyyətli insanların sayı 5 milyondan çoxdur. Halbuki, 2025-ci il yanvarın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda işsizlərin rəsmi sayı cəmi 282.3 min nəfər olub. Müstəqil iqtisadçılar deyir ki, bu rəqəm həqiqəti əks etdirmir. Onların fikrincə, Azərbaycanda işsiz kimi rəsmi qeydiyyata düşmək iş tapmaqdan çətindir.
Rəsmilər rəsmi işləyənlərin sayının azalması ilə bağlı hər hansı açıqlama verməyiblər.
2020-ci il koronovirus pandemiyasına qədər rəsmilər iddia edirdilər ki, son 15 ildə ölkədə 2 milyon iş yeri yaradılıb. Amma müstəqil iqtisadçılar da buna inanmır, həmin rəqəmin dəfələrlə şişirdildiyini hesab edirdilər.