Nüvə danışıqlarının dayanması fonunda Avropanın İranla bağlı səbri tükənir. Paris xəbərdarlıq edir ki, əgər Tehran yoxlanıla bilən öhdəliklər verməzsə, bu ölkəyə qarşı BMT-nin sanksiyaları yenidən tətbiq oluna bilər.
Fransanın xarici işlər naziri Jan-Noel Baro iyulun 15-də Avropa İttifaqındakı həmkarlarına bildirib ki, əgər Tehran tərəfindən "qəti, konkret və yoxlanıla bilən öhdəlik" təqdim olunmazsa, Paris Berlindəki və Londondakı tərəfdaşları ilə birlikdə İrana qarşı BMT sanksiyalarını yenidən tətbiq edəcək.
BMT-nin silahlara, banklara və nüvə avadanlığına tətbiq etdiyi embarqolar Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan 2015-ci il nüvə sazişinə əsasən, 10 il əvvəl rəsmi olaraq ləğv edilib.
"Sanksiyaların bərpası mexanizmi" oktyabrın 15-dək işə salına bilər və bu, Avropaya danışıqlarda məhdud, amma əhəmiyyətli təsir gücü qazandırır.
Beynəlxalq Böhran Qrupunun İran proqramının direktoru Əli Vaez bildirib ki, Avropa üçlüyünün ultimatumu çox ciddidir. O, AzadlıqRadiosunun "Fərda" xidmətinə deyib ki, Qərb getdikcə daha çox əmin olur ki, bu mexanizm İranı, heç olmasa, beynəlxalq müfəttişlərin nüvə obyektlərinə girişinə icazə verməyə, ən yaxşı halda isə ABŞ ilə razılıq əldə etməyə məcbur etmək üçün "itirilməməli olan bir təzyiq vasitəsidir".
Avropa üçlüyü BMT-nin nüvə təftiş qrupunun İrana qayıtmasına, ABŞ və İsrailin iyunda endirdiyi zərbələrdən sonra Tehranın nüvə proqramını yenidən formalaşdırmaq cəhdinə mane olmağa çalışır.
2015-ci il sazişinin şərtlərinə görə, nüvə danışıqlarında İranı dəstəkləyən Çin və Rusiyanın sanksiyaların bərpasını əngəlləmək gücü yoxdur. Sanksiyaların yenidən tətbiqi üçün müddət oktyabrda başa çatsa da, Avropa ölkələri danışıqlara əlavə vaxt vermək məqsədilə bu prosesi gecikdirmək qərarı verə bilər.
İran isə BMT sanksiyalarının yenidən tətbiqinə qarşı xəbərdarlıq edir. Xarici işlər naziri Abbas Ərağçi keçən həftə "Le Monde" qəzetinə bildirib ki, bu, "hərbi hücumla eyni təsirə malik olacaq": "Bizim nöqteyi-nəzərimizdən, belə bir addım Fransanın və Avropanın İranın sülhməramlı nüvə proqramı məsələsindəki rolunun sona çatması deməkdir".
ABŞ razılaşma üçün tələsmir
Avropalılar razılıq əldə etmək üçün vaxtın daraldığı, fürsət pəncərəsinin bağlanması barədə xəbərdarlıq etsələr də, ABŞ prezidenti Donald Tramp yeni razılaşmanın zəruriliyini yüksək qiymətləndirməyib. Bu həftə keçirilən mətbuat konfransında o jurnalistlərə deyib: "(İranlılar) danışmaq istəyirlər. Mən danışmağa tələsmirəm, çünki biz onların obyektlərini məhv etmişik". Bununla o, iyunun 22-də Fordo, İsfahan və Natanzdakı nüvə obyektlərinə endirilən zərbələri nəzərdə tutub.
Tramp iddia edir ki, ABŞ və İsrailin endirdiyi genişmiqyaslı zərbələr Vaşinqtona üstünlük qazandırıb. O, danışıqların yalnız Amerikanın şərtləri əsasında aparılacağını vurğulayır və 'qırmızı xətt' adlandırdığı yanaşmasını - "İranın nüvə silahı əldə etməsi yolverilməzdir" təkrar edir.
İyunun 24-də ABŞ-nin vasitəçiliyi ilə əldə edilən atəşkəsdən sonra İsrail-İran müharibəsi dayandığından bəri Tramp Tehranla diplomatiyaya dair qarışıq mesajlar göndərib. O, gah İranın nüvə proqramının vəziyyətini nəzərə alaraq razılaşmaya ehtiyac olmadığını deyib, gah da İranla "daimi" razılaşmanın əldə edilməsini vurğulayıb.
İran və ABŞ rəsmiləri keçən həftə Osloda görüşməli idi, lakin görüş təxirə salınıb və yeni tarix hələ razılaşdırılmayıb.
Sanksiyaların bərpası? Gəlsin ya da gəlməsin
BMT sanksiyalarının yenidən tətbiq edilməsinə medianın reaksiyası qarışıq olub. Bəziləri sanksiyaların bərpasının necə əsaslandırılmasını sorğulayaraq sərt ritorika nümayiş etdirib, bəziləri isə potensial fəlakətlə bağlı həyəcan təbili çalır.
Xüsusilə mühafizəkar media orqanları sanksiyaların təsirini əhəmiyyətsiz hesab edirlər.
"Xorasan" qəzeti mexanizmin işə salınmasını "Avropanın özünü sabotaj etməsi" kimi qiymətləndirərək bunun Avropa üçlüyünün (Fransa, Almaniya, Böyük Britaniya) "qərəzli tərəf" statusunu daha da möhkəmləndirəcəyini iddia edib.
"Sanksiyaların bərpası ilə bağlı təhdid Avropanın qərarlılığından çox onların beynəlxalq arenada müstəqil və təsirli rol oynaya bilməməsinin, siyasi uğursuzluğunun etirafıdır", - qəzet bildirib.
Mühafizəkar "Jahan News" saytı da oxşar arqumentlə çıxış edərək iddia edib ki, Avropa dövlətləri monolit rolunda çıxış etmədiyinə və hər biri İranla müxtəlif səviyyələrdə münasibətlər qurduğuna görə BMT sanksiyalarının yenidən tətbiqi blokda daxili parçalanmaları gücləndirəcək.
Lakin daha mötədil nəşrlər yenidən BMT sanksiyalarına məruz qalmağın iqtisadi və siyasi nəticələrini vurğulayıb.
"Hammihan" qəzeti sanksiyaların İranın beynəlxalq etimadını sarsıdacağını və ABŞ-nin Tehrana qarşı sanksiyalarını legitimləşdirəcəyini deyib. İran ABŞ sanksiyalarının qeyri-qanuni olduğunu bildirir.
Qəzet iddia edib ki, İran 2018-ci ildən ABŞ-nin iqtisadi sanksiyaları altında olduğundan BMT sanksiyaları keçmişə nisbətən "xeyli daha məhdud" olacaq. Lakin qeyd olunub ki, bu, cəmiyyət üzərində psixoloji təsir göstərəcək və nəticədə milli valyutanın dəyərinə təsir edəcək.
"Şərq" qəzeti də sanksiyaların təsirini kiçildilməsinə qarşı xəbərdarlıq edib: "Sanksiyaların bərpası yalnız iqtisadi təhdid deyil, həm də İran əleyhinə milli təhlükəsizliyə və regional sabitliyə təsir göstərə biləcək müasir hibrid müharibə formasıdır".
Yazını AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi hazırlayıb.