Keçid linkləri

2025, 18 İyul, Cümə, Bakı vaxtı 18:33

Britaniya səfiri Azərbaycanda mətbuat azadlığından narahatdır


Ferqus Old
Ferqus Old

İyulun 16-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Azərbaycan milli mətbuatının 150 illiyi münasibəti ilə qəbul təşkil edib.

Auditoriya qarşısında çıxış edərək səfir son illər Azərbaycanda media azadlığı ilə bağlı "narahatlıq doğuran" hadisələrin müşahidə olunduğunu qeyd edib. Səfir xüsusilə "AbzasMedia", "ToplumTV" və "MeydanTV" jurnalistlərinin həbsinə, "BBC Azərbaycanca"nın ofisinin bağladılmasına diqqət çəkib.

Səfir Azərbaycanda mətbuatın ağır vəziyyətindən azərbaycanca danışdı

O, həbslərin "dərin narahatlıq" doğurduğunu qeyd edərək "BBC Azərbaycanca"nın ofisinin bağlanmasını "həm Azərbaycanda 1 milyonluq auditoriyaya, həm də müstəqil jurnalistikaya məyusedici zərbə" adlandırıb.

Səfər bu il "Turan" İnformasiya Agentliyinin fəaliyyətini dayandırmasını da xatırladaraq bunu "mətbuat azadlığına daha bir zərbə" kimi dəyərləndirib.

Hələlik, bu bəyanata Azərbaycan rəsmilərindən münasibət bildirilməyib. Amma onlar ölkədə media azadlığına basqıların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Hakimiyyət təmsilçilərinin fikrincə, jurnalistlər peşə fəaliyyətlərinə görə yox, qanunvericiliklə bağlı hüquqi araşdırmalar çərçivəsində həbs ediliblər.

Bu il "BBC Azərbaycanca" Azərbaycanda fəaliyyətini dayandırdığını, hökumətdən şifahi göstəriş aldıqdan sonra ofisini bağlamaqla bağlı "könülsüz" qərar qəbul etdiyini bildirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə məsələni siyasiləşdirməməyə çağırıb, oxşar qərarın bəzi digər media qurumları ilə bağlı da verildiyini açıqlayıb. Həmin vaxt hökumətyönlü media yazırdı ki, "BBC Azərbaycanca" və Rusiyanın "Sputnik-Azərbaycan" media qurumu əməkdaşlarının sayının bir nəfərə endirilməsi tələb olunub.

1875-ci ildə "Əkinçi" qəzetinin fəaliyyət başlaması Azərbaycanda milli mətbuatın yaranması kimi qeyd edilir.

Xatırlatma

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamları qəbul etmir, həbslərini siyasi sayırlar. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 370 siyasi məhbus var.

Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin sırf peşə fəaliyyəti üzündən siyasi səbəblərlə həbs olunmadığını vurğulayırlar və iddia edirlər ki, sözügedən siyahılarda adları çəkilənlər törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.

XS
SM
MD
LG