Bakıdan İran vasitəsilə Naxçıvana gedən 50-yə yaxın Azərbaycan vətəndaşının problemlərlə üzləşdiyi bildirilir. Bu barədə "Gündəlik Naxçıvan" məlumat yayıb.
Avtobus sərnişinlərinin verdiyi məlumata görə, üç avtobusun sərnişinləri iyulun 19-da gecə saatlarında İran gömrüyünü keçdikdə saxlanıb və yaxınlıqdakı məscidə göndəriliblər.
Saxlanılanların dediyinə görə, İran tərəfi onlara Azərbaycan tərəfinin Tehrana rəsmi məktub yazmalı olduğunu, yalnız bundan sonra avtobusların hərəkətinə icazə veriləcəyini deyib. Həmçinin, İran tərəfinin onları təhdid edərək saxlanılmalarını ictimailəşdirməməyi tələb etdiyi bildirilirdi.
Adının çəkilməsini istəməyən sərnişinlərdən biri "Gündəlik Naxçıvan"a deyib ki, onlara nə yemək, nə də su verilir: "Əgər buraxmayacaqdılarsa, niyə gömrüyü keçməyə icazə verirdilər? İndi burda bizi məhbus kimi, girov kimi saxlayıblar. Nə Biləsuvara qayıda bilirik, nə də Culfa gömrüyünə gedə bilirik".
"Doldurublar bizi məscidə, nə yemək verirlər, nə də su. Bəzi sərnişinlərin üzərində pul da yoxdur ki, yemək-içmək alsın. Bir tərəfdən də havanın istisi, nəfəs almaq mümkün deyil. Deyirlər ki, ölkəniz Tehrana məktub yazıb, icazə istəməlidir ki, sizi buraxaq", - sərnişin əlavə edib.
İyulun 20-u axşam saatlarında isə avtobusların artıq Naxçıvana çatdığı bildirilib.
Bakıdan Naxçıvana və əks istiqamətə İrandan keçməklə hərəkət edən avtobus reysləri ölkənin quru sərhədləri son illər bağlı olduğu halda, fəaliyyət göstərməyə davam edib. Lakin İsraillə İran arasında iyunda baş verən toqquşmalar fonunda bu reyslər təhlükəsizlik məqsədi ilə müvəqqəti dayandırılmışdı.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) APA-ya bildirilib ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları iyunun 14-də müvəqqəti olaraq dayandırılsa da, iyulun 19-dan bərpa edilib və ilk avtobus yola çıxıb: "Növbəti üç avtobus ilə bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə üç avtobus gömrük-keçid məntəqəsində yubanıb. Artıq avtobuslar gömrük- keçid məntəqəsini keçərək marşrut üzrə hərəkətini davam etdirir. Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır".
Hələlik, məsələyə İran tərəfindən açıqlama almaq mümkün olmayıb.
Xatırlatma
Azərbaycanın İranla 2024-cü ilə qədər münasibətlərində müəyyən gərginlik olub. Xüsusilə, hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşı həlak oldu, ikisi xəsarət aldı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də keçiriblər.
Bununla belə, ötən ay İranla İsrail arasında bir neçə həftə çəkən toqquşmalardan sonra bu ölkədən Azərbaycan əleyhinə də fikirlər səslənmişdi. Azərbaycan rəsmiləri isə İran İsrail münaqişəsində neytral olduqlarını deyirlər.