Latviya hökuməti 55 Gürcüstan vətəndaşının qeyri-müəyyən müddətə ölkəyə girişinə qadağa qoyub.
"Mən İmmiqrasiya Qanununun 61-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, daha 55 Gürcüstan vətəndaşını Latviya Respublikası üçün "arzuolunmaz şəxslər" siyahısına daxil etmək qərarı verdim", - Latviyanın xarici işlər naziri Bayba Braje iyulun 14-də X platformasındakı hesabında yazıb.
"Arzuolunmaz şəxslər" siyahısına daxil edilən Gürcüstan vətəndaşlarının adları açıqlanmır. 2025-ci ilin martında Latviya daha 16 gürcüyə ölkəyə giriş qadağası qoyub.
Avropaya inteqrasiyanı dəstəkləyən etirazçılara qarşı repressiya və zorakılıq fonunda Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edən ilk ölkələr Latviya, Litva və Estoniya olub. Xüsusilə, oliqarx, Rusiyayönlü "Gürcü arzusu" partiyasının qurucusu Bidzina İvanişvili və keçmiş daxili işlər naziri Vaxtanq Qomelaurinin ölkəyə girişini qadağan ediblər.
Aİ Gürcüstana sanksiyalar və viza qadağalarını nəzərdən keçirir
Bu gün, iyulun 15-də Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri yay tətilindən əvvəl son rəsmi toplantı üçün Brüsseldə bir araya gələrkən, Gürcüstan yenidən müzakirə gündəminin ön sıralarında yer alır. Bu, Cənubi Qafqaz ölkəsində son vaxtlar bir neçə müxalifət siyasətçisinin həbsindən sonra siyasi vəziyyətin pisləşməsi ilə bağlıdır.
Keçən ay nazirlər arasında qısa müzakirə mövzusu olan Gürcüstandakı vəziyyət indi əsas müzakirə mövzusudur. Tbilisiyə qarşı əvvəlki simvolik tədbirlərin qəbulundan sonra bu dəfə daha qətiyyətli addımlar atıla bilər.
2025-ci ilin əvvəlində Brüssel Gürcüstanın diplomatik pasport sahiblərinə viza tələbi tətbiq edib. Həmçinin, Aİ yüksəksəviyyəli siyasi görüşlər keçirməkdən çəkinib və Gürcüstan hökumətinə ayrılmış vəsaitləri ölkənin vətəndaş cəmiyyətinə yönəldib.
Bu dəfə ən aktual məsələ isə odur ki, Aİ 27 üzv dövlətin yekdil razılığı ilə hər hansı sanksiyalar tətbiq edə biləcəkmi?
Bundan əvvəl, xüsusilə yanvarda belə cəhdlər olub, o zaman Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas müxalifət nümayişçilərinə qarşı təzyiqlərə görə "Gürcü arzusu" partiyası ilə əlaqəli 13 nəfərə qarşı viza qadağası və aktivlərin dondurulması kimi sanksiyalar tətbiq etmək istəmişdi.
Bratislava və Budapeşt etiraz edir
Həmin vaxt Macarıstan və Slovakiya bu cür addımlara veto qoyub və Brüsseldə sanksiyalarla bağlı danışıqlar bir müddətlik dayanıb.
Son həftələrdə Aİ rəsmiləri Gürcüstan hakimiyyəti tərəfindən "ədalət sisteminin alətə çevrilməsi" kimi xarakterizə olunan hallara görə məsuliyyət daşıyan bir neçə şəxsə sanksiya tətbiqi ehtimalını da müzakirə edib. Bu barədə AzadlıqRadiosunun əldə etdiyi Aİ-nin daxili sənədində qeyd olunub.
Bu, "Aİ-nin qlobal insan hüquqları sanksiyaları rejimi" çərçivəsində həyata keçirilə bilər. Bu mexanizm ABŞ-nin Maqnitski Aktına bənzər bir sanksiya mexanizmidir və artıq Çin, Liviya, Rusiya və Sudan kimi müxtəlif ölkələrdən 100-dən çox insan hüquqları pozucusuna tətbiq olunub.
Gürcüstan və Aİ bayraqlarına bürünmüş nümayişçi Tbilisidə müxalifətin etiraz aksiyası zamanı polis kordonu qarşısında dayanıb.
Müzakirələrdən xəbərdar olan bir neçə Aİ rəsmisinin sözlərinə görə, Fransa, Niderland, Polşa, Avstriya, İsveç, Estoniya, Latviya və Litva da daxil olmaqla, Aİ-yə üzv 10-dan çox ölkə sanksiyaların qəbul edilməsinə çalışırlar.
Yanvarda olduğu kimi, Bratislava və Budapeşt yenə də bu addıma qarşı çıxır. Onlar hesab edir ki, hər hansı məhdudlaşdırıcı tədbir vəziyyəti daha da gərginləşdirə bilər və Tbilisi ilə dialoq daha yaxşı yanaşmadır.
Yunanıstan Slovakiya və Macarıstanın mövqeyini bölüşməsə də, tələsik qərar qəbul etməyə qarşıdır.
AzadlıqRadiosuna anonimlik şərti ilə danışan bir çox Avropa diplomatı hələ də azı bir neçə gürcü hakimin qara siyahıya salınması ilə bağlı konsensus əldə ediləcəyinə inanır. Aİ bu hakimləri müxalifətçilərin həbslərinə görə məsul hesab edir. Hesab olunur ki, sanksiyalara skeptik yanaşan ölkələr tanınmış siyasətçilər hədəf alınmadığı təqdirdə bu cür məhdud tədbirlərlə razılaşa bilər.
Bəs başqa hansı variantlar müzakirə olunur?
Radikal addım
Radikal addımlardan biri də Gürcüstan vətəndaşları üçün viza liberallaşmasının dayandırılması ola bilər. Bu addım üçün yalnız ümumi Aİ əhalisinin 65 faizini təmsil edən üzv dövlətlərin 55 faizinin səs çoxluğu kifayətdir.
Bu təklifə dəstək verən son ölkə isə İsveçdir və bildirir ki, əgər oktyabrın əvvəlində Gürcüstanda keçiriləcək yerli seçkilərdən sonra vəziyyət daha da pisləşərsə, bu tədbir müvəqqəti olaraq həyata keçirilə bilər. Bu yanaşma Baltik ölkələri, Danimarka, Fransa və Polşa tərəfindən də dəstəklənir. Lakin digərləri, xüsusilə Yunanıstan və Sloveniya ehtiyatlı yanaşır. Onlar bildirir ki, belə radikal bir addım - Aİ-yə namizəd ölkəyə qarşı viza liberallaşmasının indiyədək heç vaxt dayandırılmadığı nəzərə alınarsa - yalnız son çıxış yolu kimi tətbiq olunmalıdır.
Həmçinin qeyd olunur ki, belə bir addımın ölkə rəhbərliyindən daha çox sıravi Gürcüstan vətəndaşlarına mənfi təsir göstərəcək.
Daha yumşaq tədbirlər
Avropa Komissiyasının irəli sürdüyü başqa bir alternativ təklif isə bəzi şəxslərə qarşı milli səviyyədə giriş qadağalarının tətbiqidir. Bu, Aİ-nin viza liberallaşmasının tam şəkildə dayandırılması və ya daha geniş sanksiyalarla müqayisədə nisbətən "yumşaq tədbir" hesab olunur. Lakin müvafiq yanaşma yalnız bir neçə üzv dövlət bu addımı qəbul edərək koordinasiyalı şəkildə həyata keçirsə, təsirli ola bilər. Bunun baş verib-verməyəcəyi qeyri-müəyyəndir, çünki Bolqarıstan, Yunanıstan, İtaliya və Rumıniya kimi ölkələr Tbilisi ilə kommunikasiya kanallarını açıq saxlamağın vacib olduğunu vurğulayıb.
Aİ-nin daxili sənədində, həmçinin, Gürcüstana 2023-cü ilin dekabrında verilmiş namizəd statusunun dayandırılması ehtimalı da qeyd olunub. Lakin Aİ tarixində namizəd statusunun birtərəfli qaydada ləğvi heç vaxt baş verməyib (İslandiya 2015-ci ildə özü Brüsseldən namizəd statusunun götürülməsini istəmişdi). Bu addımın atılması üçün də yenidən üzv dövlətlərin yekdil razılığı tələb olunur.
Nəhayət, bu həftə reallaşması mümkün olan bir variant da var: Baltik üçlüyünün rəhbərlik etdiyi ölkələr qrupu Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasına 2016-cı ildə imzalanmış Aİ-Gürcüstan Assosiasiya Sazişinin ətraflı qiymətləndirilməsinin aparılması üçün müraciət etməyi planlaşdırır. Məqsəd gələcəkdə bu sazişin bəzi hissələrinin, məsələn, azad ticarət müddəalarının dayandırılması imkanını araşdırmaqdır. Belə bir dayandırma üçün yalnız xüsusi səs çoxluğu tələb olunur.
Yazını AzadlıqRadiosunun Avropa regionu üzrə redaktoru Rikard Yozvyak hazırlayıb.