Amerikalı müğənni, şair və fəal Patti Smit Azad Avropa/Azadlıq Radiolarına (RFE/RL) dəstəyini ifadə edərək müstəqil jurnalistikanın əhəmiyyətinə diqqəti cəlb edib və hazırkı ABŞ administrasiyası dövründə maliyyə təhdidləri barədə xəbərdarlıq edib.
İyulun 19-da Praqada — AzadlıqRadiosunun Avropadakı baş ofisinin yerləşdiyi şəhərdə keçirilən konsert zamanı 78 yaşlı sənətçi etiraz marşı olan "People Have The Power" mahnısına başlamazdan əvvəl bu mahnını "Stivə (AzadlıqRadiosunun prezidenti Stiven Kapus) və AzadlıqRadiosundakı hər kəsə" həsr etdiyini deyib.
1970-ci illərin ortalarında Nyu-Yorkun pank-rok səhnəsinin yaranması zamanı orijinal səslərdən biri olan Smit AzadlıqRadiosu və bir çox vacib ictimai institutların fəaliyyətini tərifləyərək onların dünyanın müxtəlif yerlərində yaşayan insanlara vacib məlumatların çatdırılmasındakı rolunu vurğulayıb. O, təəssüflə, "onlar mənim ölkəmdə hazırkı administrasiya tərəfindən maliyyələşdirilmədən məhrum edilir" deyə qeyd edib.
"Biz mübarizəni davam etdirməliyik, bir-birimizə kömək etməliyik", - o vurğulayıb.
1995-ci ildən Çexiyanın paytaxtında yerləşən AzadlıqRadiosu azad mətbuatın qadağan olunduğu və ya tam formalaşmadığı ölkələrə 27 dildə müstəqil xəbərlər yayımlayır.
Smitin Praqadakı bu ehtiramı ABŞ tərəfindən maliyyələşdirilən beynəlxalq yayımçıların, o cümlədən AzadlıqRadiosunun gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin hökm sürdüyü, Vaşinqtonda təklif olunan büdcə ixtisarları və siyasi prioritetlərin dəyişməsi fonunda baş verir.
AzadlıqRadiosu, eləcə də ABŞ tərəfindən maliyyələşdirilən digər yayımçılar — "Amerikanın Səsi", "Azad Asiya Radiosu", Kuba Yayım Ofisi (Radio Marti) və Yaxın Şərq Yayım Şəbəkələri ABŞ prezidenti Donald Trampın ABŞ Qlobal Media Agentliyini (USAGM) zəiflədən qərarını imzalamasından sonra ciddi çətinliklərlə üzləşib.
Müstəqil dövlət agentliyi olan USAGM ABŞ-nin maliyyələşdirdiyi bir neçə media qurumunu idarə edir. Bu media qurumları hər həftə təxminən 361 milyon insana 50 dildə xəbər və məlumat çatdırır.
Yayımçıların maliyyələşdirilməsi ilə bağlı təhdid media nəzarətçiləri, analitiklər və demokratiya fəalları ilə yanaşı, AzadlıqRadiosunun yayımlandığı 23 ölkənin auditoriyası arasında da qlobal dəstəyə səbəb olub.