Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan rəhbəri Bəşir Süleymanlı yaxınları vasitəsi ilə media üçün açıqlama yayıb. Yaxınlarının sözlərinə görə, o, iyulun 16-da həbs müddətinin uzadılması ilə bağlı verilən apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevdən şikayətçidir. Süleymanlının vurğulamasına görə, məhkəmə iclası başlayandan bitənə qədər hakim onunla aqressiv davranıb, bir neçə dəfə sözünü kəsərək çıxış etməsinə şərait yaratmayıb: "Bu davranış ifadə azadlığımın və özünümüdafiə etmək hüququmun kobud şəkildə pozulmasıdır".
B.Süleymanlı hakimin davranışları ilə əlaqədar tədbir görülməsi məqsədilə Məhkəmə Hüquq Şurasına və Ombudsman Aparatına şikayət edəcəyini deyib.
O, məhkəmələrdə məhbusların saxlanılması üçün normal şəraitin olmadığını da qeyd edib: "Məhkəməyə aparılanda saatlarla orada məhkumlar üçün nəzərdə tutulan otaqda saxlanırıq. 40–50 nəfər, o cümlədən müxtəlif xəstəliklərdən əziyyət çəkən məhbuslar iki–üç saat bir otaqda saxlanılır. Bu da normal şəraiti olmayan həmin yerlərdə bəzi problemlər yaradır".
Hüquq müdafiəçisi onu da əlavə edib ki, istintaq təcridxanasında ona göndərilən bəzi ərzaq, qida məsullarının və əşyaları almaqda da problemlərlə üzləşir: "Göndərilən süd məhsullarının saxlandığı qabların qapağı açılmış şəkildə mənə təqdim edilir. Belə olan halda həmin məhsullar tez bir zamanda yararsız hala düşür, ondan istifadə edə bilmirik və onları atmağa məcbur oluruq".
Yaxınlarının habelə vurğulamasına görə, B.Süleymanlı göndərilən kitabların da ona verilmədiyini söyləyib.
Bütün bu şikayətlərə Penitensiar Xidmət, Bakı Apellyasiya Məhkəməsi və başqa cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən bundan əvvəl oxşar şikayətlərlə bağlı deyilib ki, onlar təqsirləndirilən şəxslərlə qanun çərçivəsində davranırlar.
Sizin brauzer HTML5-i dəstəkləmir
'Hüquqi əsaslandırması yoxdur' - QHT-lərlə bağlı cinayət işləri niyə yenidən başladılıb?
Yaxınları: 'Məhkəmədə Bəşir Süleymanlının çıxışı yarımçıq kəsildi...'
İyulun 16-da Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayon Məhkəməsinin Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərarından verilmiş şikayətə baxılıb.
İyulun 9-da Binəqədi rayon Məhkəməsi B.Süleymanlı və onunla birgə tutulan bir sıra qeyri-hökumət təşkilatı təmsilçilərinin həbs müddətini daha 3 ay uzatmışdı.
Yaxınlarının verdiyi məlumata görə, B.Süleymanlı apellyasiya məhkəməsində çıxış edərək ona qarşı irəli sürülən ittihamların cəfəngiyat, məhkəmə qərarlarının isə sifarişli olduğunu deyib: "O, həbsinin hüquq müdafiəçilik fəaliyyəti ilə bağlı olduğunu bildirdi".
Yaxınlarının habelə vurğulamasına görə, hakim Emin Əliyev onun çıxışını yarımçıq kəsərək dövlət ittihamçısına söz verib.
Hakim şikayəti təmin etməyib və B.Süleymanlı həbsdə saxlanıb.
Yaxınlarının bu açıqlamasına həmin məhkəmə və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri B.Süleymanlı bu il martın 14-də vətəndaş cəmiyyətinin bir neçə təmsilçisi ilə birgə saxlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
B.Süleymanlı və digərləri onlara qarşı irəli sürülən ittihamları rədd edirlər.
Baş Prokurorluğun İstintaq İdarəsində 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi açılıb. "QHT işi"nin sonradan bağlandığı bildirilsə də, bu ildən onun yeniləndiyi açıqlanıb.
Xatırlatma
B.Süleymanlı 2014-cü ilin mayında da "QHT işi" üzrə qanunsuz sahibkarlıq, vergidən yayınmada suçlanaraq 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. O zaman da ittihamları qəbul etməyən Süleymanlı 2015-ci ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı. Həmin vaxt o, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru idi. Bu qurum monitorinq apardığı zamanlar Azərbaycandakı seçkilərlə bağlı, əsasən, tənqidi hesabatlar dərc edib.
Son iki ildə Azərbaycanda 40-a yaxın jurnalist, bloqer və ictimai fəal həbs olunub. Bəzi hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycanda 370-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə bunu qəbul etmirlər, onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.