Həbsdə olan jurnalistlərdən Fərid İsmayılov öz məhkəməsinə qatılmaq istəmir. Sağlamlığında ciddi problemlər olduğunu, altı dəfə cərrahiyyə əməliyyatı keçirdiyini deyən jurnalistin sözlərinə görə, 40 dərəcəni aşan istidə hər dəfə məhkəməyə gətirilib-aparılması durumunu daha da ağırlaşdırır.
F.İsmayılov "ToplumTV" internet televiziyası ilə bağlı cinayət işi üzrə təqsirləndirilən doqquz nəfərdən biridir. O, özünün ifadə verəcəyi məhkəmə iclasından başqa, qalan iclasların onun iştirakı olmadan keçirilməsi barədə vəsatət qaldırıb. Saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada prosesə qatılmasına şərait yaradılmasını da mümkün variant sayıb.
Jurnalist məhkəmədən ədalətli hökm gözləntisinin olmadığını, bu üzdən, prosesə qatılmağı vacib saymadığını da vurğulayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində "ToplumTV işi" üzrə məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev deyib ki, təqsirləndirilən şəxsin məhkəmə prosesində iştirakı məcburidir. O, F.İsmayılovun sağlamlığındakı problemləri nəzərə alaraq, onun daha yaxşı şəraitli nəqliyyat vasitəsiylə məhkəməyə aparılıb-gətirilməsindən ötrü Penitensiar Xidmətə müraciət olunacağını söyləyib.
Jurnalistin yaxınları AzadlıqRadiosuna bildiriblər ki, F.İsmayılov yeddi aydır həbsdə iynə-dərmanla yaşayır: "Fəridin bədənində əməliyyat yerlərinin çapıqlarından yer yoxdur. Hər gün ona iynə, sistemlər vurulur. Adamın nə qədər xəstəliyi olar?! Deyib-gülməyinə, nikbinliyinə baxmayın, vəziyyəti yaxşı deyil".
"ToplumTV işi" üzrə məhkəmə prosesi iyulun 22-də davam edəcək.
Xatırlatma
"ToplumTV işi" üzrə həbslər ötən ilin martından başlanıb. Təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edildi. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Təqsirləndirilənlər hamılıqca ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 370 siyasi məhbus var.
Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs olunmadığını vurğulayır və siyahılarda adları çəkilənlərin törətdikləri əmələ görə məsuliyyətə cəlb edildiyini söyləyirlər.