Hazırda 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (tubzon) həbs cəzası çəkən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Elbəyi Kərimlinin cərimə kamerasına (karser) salındığı bildirilir. Bu barədə iyulun 13-də "Azadlıq" qəzetinin vebsaytında məlumat yayılıb.
Məlumatda iddia edilir ki, Kərimli cəzaçəkmə müəssisəsinə Ədliyyə Nazirlinin Penitensiar Xidmətindən gələn nümayəndələrin önündə tənqidi çıxış edib, şərlənərək həbs olunduğunu deyib, bundan sonra isə o döyülüb və "karser"ə salınıb.
Onun cərimə kamerasına nə vaxt və nə qədər müddətə salındığı haqda məlumat verilmir.
Bu iddialara Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma bu qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulanıb ki, onlar məhbuslarla yalnız qanun çərçivəsində davranırlar.
Kərimlinin 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə "Stalin" yazdıqdan sonra narkotik ittihamı ilə həbs olunduğu bildirilir. 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona satış məqsədilə külli miqdarda narkotik saxlama maddəsi ilə 6 il həbs cəzası verib.
Sonradan Ali Məhkəmə onun hökmündən satış məqsədini çıxararaq cəzasını 5 ilə endirib.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda ümumilikdə 15 civarında üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 370-dan çox siyasi məhbus var.