Heydərovlar ailəsi ilə əlaqələri olan maliyyə məsləhətçisinə 10 illik qadağa qoyulub

Kəmaləddin Heydərov

Gernsi adasında maliyyə məsləhətçisi olan Jinett Luiza Blondeli 2024-cü ilin martında adanın Maliyyə Xidmətləri Komissiyası (GFSC) cərimələyib: uyğun lisenziyası olmadan fəaliyyət göstərdiyi və iki "yüksək riskli" müştəriyə idarəetmə və inzibati xidmətlər göstərərkən hüquqi yoxlama aparmaq vəzifəsini yerinə yetirmədiyi üçün.

"Forbidden Stories" və "The Sentry" bu müştərilərdən birinin Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsi olduğunu açıqlayıb.

2017-ci ildə avtomobilinə yerləşdirilmiş bomba ilə öldürülmüş, öz ölkəsindəki korrupsiya məsələlərini araşdıran maltalı jurnalist Dafne Karuana Qalitsiyanın araşdırmalarının mərkəzində "Pilatus Bank" dururdu. Jurnalist bu bankın azərbaycanlı elitalarına pulyuma əməliyyatlarında kömək etdiyindən şübhələnirdi.

"Dafne Layihəsi"

Onun işini davam etdirmək üçün "Forbidden Stories" 15 müxtəlif ölkədən 45 jurnalistdən ibarət beynəlxalq bir konsorsium qurub. "Dafne Layihəsi" Azərbaycandan Heydərov ailəsinin "Pilatus Bank" vasitəsilə Avropada gerçəkləşdirdiyi gizli əqdlərini, investisiyalarını ifşa edib. İnvestisiyalar arasında Gürcüstanda sanatoriyaya 2.5 milyon avro, İspaniyanın Marbelya şəhərində bir villa üçün 3.9 milyon avro və Fransanın üç tanınmış sənətkarlıq şirkətinə on milyonlarla avro sərmayə vardı.

Gernsi adasında yaşayan Jinett Luiza Blondelin bu sistemin əsas oyunçularından olduğu bildirilir. O, lisenziyasız fəaliyyətə görə 2024-cü ildə cərimələnəndə GFSC onun müştərilərinin adlarını açıqlamayıb.

Çoxsaylı mənbələr isə "Müştəri 2"nin Heydərovlar ailəsi olduğunu göstərir. Blondelin lisenziyasız xidmət göstərdiyi şirkətlərin isə Heydərovun ailə üzvlərinə, onlardan bəzilərinin birbaşa Avropadakı aktivlərə bağlı olduğu bildirilir.

Daha bir qayda pozuntusu Blondelin "yüksək risk" müştərilərinin maliyyə və sərvətinin mənbəyini müəyyən etməməsidir. Bu kölgə müşavirinin 10 il ərzində maliyyə sektorunda əsas vəzifələr tutması yasaqlanıb, üstəlik, 210 min funt-sterlinq cərimələnib.

Araşdırma müəllifləri Jinett Blondeldən şərh ala bilmədiklərini yazırlar.

Sizin brauzer HTML5-i dəstəkləmir

Öldürülən jurnalist hadisədən əvvəl polisə müraciət edibmiş

Heydərovlarla bağlı öncəki məhkəmə işi

Araşdırmada deyilir ki, Azərbaycanın fövqəladə hallar naziri K.Heydərov ölkə iqtisadiyyatında mərkəzi fiqurdur. 2023-cü ilə qədər oğlu "Gilan Holdinq"i idarə edirdi, bu holdinqin biznesi bankçılıq, tikinti, turizm və kənd təsərrüfatı sahələrini əhatə edir.

2013-cü ildə K.Heydərov və prezident İlham Əliyev ailəsinin əlaqələri Fransa məhkəmələrində ortaya çıxıb. Lion Apellyasiya Məhkəməsi onu şirkət aktivlərindən sui-istifadə etməkdə təqsirli bilib.

Heydərov ailəsinin vəkilləri "Forbidden Stories"ə bildiriblər ki, onlar "heç bir şirkətə katiblik və ya inzibati heyətin təyinatında iştirak etməyiblər". 2018-ci ildə "Dafne Layihəsi"nin ilkin buraxılışı zamanı onların vəkilləri "The Guardian"a bildirmişdilər ki, müştəriləri "tamamilə qanuni və hüquqi" bizneslərlə məşğuldurlar.

Qəzet o zaman hər hansı bir qeyri-qanuni fəaliyyətin olmadığını, amma bu işin Azərbaycan elitasında şəffaflığın olmaması ilə bağlı yeni suallar doğurduğunu vurğulayırdı.

Bu araşdırmanın müəllifləri də Heydərovun başçılıq etdiyi nazirlik ilə əlaqə saxlayıblar, amma cavab ala bilməyiblər.

Kürü şirkəti

Vaxtilə Avropa İttifaqı "Pilatus Bank"ın işini araşdırıb, 2018-ci ildə Avropa Mərkəzi Bankı onun lisenziyasını ləğv edib. Amma Jinett Blondel Avropada azərbaycanlı elitası üçün fəaliyyətini davam etdirib. Elə həmin il Cenevrədə yerləşən, kürü ticarəti üzrə ixtisaslaşmış "Planet Caviar SA" şirkətinin idarə heyətinə qoşulub. Blondelin və onun iki sələfinin idarə heyətinə səhmdar - "Caspian Fish Company" tərəfindən təyin olunduğu bildirilir. Bu şirkət isə vaxtilə K.Heydərova məxsus olub.

Blondelin "Müştəri 1"i isə Suriyanın dekabrda devrilmiş diktatoru Bəşər əl-Əsədin əmisi Rifaat əl-Əsəd imiş. Bunu "The Guardian" və Araşdırmaçı Jurnalistika Bürosu 2024-cü ilin dekabrında açıqlayıb.

2020-ci ildə Fransada məhkəmə Rifaat əl-Əsədi Suriya dövlətindən mənimsənilmiş 90 milyon avro dəyərində əmlak imperiyası qurmaqda təqsirli bilərək 4 il həbs cəzasına məhkum edib.

Jurnalist Dafnenin qətl işi isə hələ də davam edir. Jurnalistin qətlə yetirilməsindən təxminən səkkiz il sonra, bu il iyunun 10-da onun həyatına son qoyan partlayıcını təmin etmiş iki kişi ömürlük həbs cəzasına məhkum edilib. Qətlin arxasında durduğu iddia olunan Yorqen Fenek isə bu ilin fevralında zaminə buraxılıb, məhkəməsini gözləyir.