Astanadan olan araşdırmaçı jurnalist Lukpan Axmediyarov çox sayda izləyicisi olan "Prosto Jurnalistika" YouTube kanalının qəfil bloklandığını aşkar edəndə şoka düşüb. Bir neçə gün əvvəl isə onun eyniadlı Instagram hesabı da yoxa çıxıb.
Ölkənin digər ucunda - Almatıda olan tanınmış araşdırmaçı jurnalist Vadim Boreyko da oxşar hadisə ilə üzləşib. İyulun əvvəlində onun 30 mindən çox izləyicisi olan Facebook hesabı heç bir xəbərdarlıq edilmədən silinib.
Bu hadisələr Qazaxıstanda artmaqda olan rəqəmsal basqının yeni taktikasını üzə çıxarır. Bu taktika isə açıq senzura əvəzinə, texniki silinmələr və müəllif hüququ iddiaları vasitəsilə ictimai nüfuzlu tənqidçi səslərin susdurulmasıdır.
Bu, Mərkəzi Asiyada hökumətlərin təzyiqi altında ifadə azadlığının yoxa çıxması istiqamətində atılan addımların bir hissəsidir.
Almatıdakı Hüquq Media Mərkəzinə rəhbərlik edən media eksperti Diana Okremova deyib: "Söhbət nəzarətdən gedir... Bu, jurnalistlərə mesajdır: sizin ifadə azadlığınız şərtlidir və nəzarət olunur. Bunlar ayrı-ayrı hadisələr deyil, müstəqil jurnalistikaya qarşı daha geniş repressiyanın bir hissəsidir".
Azad mətbuatın zəif olduğu regionda bir zamanlar müstəqil jurnalistikaya müəyyən dərəcədə imkan yaratdığı üçün tərif olunan Mərkəzi Asiya ölkələrinin hökumətləri indi ifadə azadlığından geri çəkilməkdə tənqid olunur.
Analitiklər bildirir ki, Mərkəzi Asiyada onsuz da kövrək olan müstəqil jurnalistika rəqəmsal repressiyanın inkişaf etməkdə olan məkrli formalarının təzyiqi altındadır.
Axmediyarov AzadlıqRadiosuna bildirib ki, Instagram səhifəsi yoxa çıxmazdan əvvəl o, "Meta"dan hesabının məzmununun şirkət standartlarına uyğun olmadığını bildirən bildiriş alıb.
O həmçinin bildirib ki, demək olar ki, eyni vaxtda onun Instagram hesabının saxta (klon) versiyası yaradılıb və orada tamamilə fərqli məzmunlar paylaşılıb: "Bir neçə gün sonra beynəlxalq partnyorumuz "Access Now" və jurnalistikanın müdafiəsi ilə məşğul olan digər təşkilatlarla birgə bu məsələni qaldırdıqdan sonra "Meta" heç bir izahat vermədən səhifəmizi bərpa etdi".
O əlavə edib ki, daha sonra digər saxta hesab da yoxa çıxıb.
Bu arada onun YouTube kanalı bloklananda Axmediyarov videolarında istifadə olunan musiqi nümunələri ilə bağlı "müəllif hüquqlarının pozulması" ilə əlaqədar rəsmi izahat alıb.
O əlavə edib ki, müəllif hüququ şikayəti YouTube-da bu şikayətdən cəmi bir neçə gün əvvəl yaradılmış bir istifadəçidən gəlib və bu hesab da "Prosto Jurnalistika" kanalı silindikdən qısa müddət sonra müəmmalı şəkildə yoxa çıxıb.
"Bu zamanlama olduqca şübhəlidir", - Axmediyarov vurğulayıb.
Lukpan Axmediyarov
"Təzyiq üsullarının necə dəyişdiyini görmək təəccüblüdür"
Məşhur "Giperborei" YouTube kanalını idarə edən V.Boreyko AzadlıqRadiosuna bildirib ki, müstəqil jurnalistlərin hesablarının silinməsi, əvvəlki birbaşa hədə-qorxu və təhdidlərdən fərqli olaraq, yeni bir taktika kimi görünür.
"Cəmi bir neçə həftə əvvəl Facebook hesabım heç bir xəbərdarlıq olmadan yoxa çıxmazdan öncə Instagram hesabım da qəfil silindi", - Boreyko qeyd edib: "Eyni zamanda, mənim adım altında iki saxta Instagram hesabı yaradılıb və onların hər ikisi də mavi təsdiq nişanı ilə autentik hesab kimi göstərilib. Hətta onlardan birinin 134 min izləyicisi vardı".
O, saxta hesabların orijinal hesabından tamamilə fərqli məzmun daşıdığını qeyd edib.
Boreykonun sözlərinə görə, kibertəhlükəsizlik problemlərinə kömək edən qeyri-kommersiya təşkilatı - "Cyber Helpline" qrupuna müraciət etdikdən sonra Instagram hesabını bərpa etmək və iki klon hesabını silmək bir neçə gün vaxt alıb.
Daha əvvəl telefonuna təhdid mesajları göndərilən və evi dağıdılan Boreyko "Jurnalistlərə təzyiq üsullarının getdikcə necə dəyişdiyini görmək təəccüblüdür", - deyə vurğulayıb
"Görünür bu yeni taktikanın məqsədi jurnalistləri və bloqerləri çaşdırmaq, onların üzərinə emosional, psixoloji, hətta iqtisadi təzyiq qoymaqdır. Bir çox jurnalistlər sosial şəbəkələrdən dolanmaq məqsədilə pul qazanmaq üçün alət kimi istifadə edirlər", - Boreyko bildirib və o əlavə edib ki, Facebook hesabı hələ bərpa olunmayıb.
Təhlilçilər və jurnalistlər qeyd edir ki, sosial media hesablarının ardıcıl silinməsi halları Qazaxıstanın informasiya və mədəniyyət naziri Aida Balayeva ilə "Meta"nın regional ictimai siyasət direktoru Sarim Ali Azizin Astanada keçirdiyi görüşdən sonra baş verib. Qazaxıstan rəsmiləri bildirmişdi ki, həmin görüşün gündəliyində "Meta" şirkətinə məxsus Facebook və Instagram kimi sosial media platformalarında "məzmunun moderasiyası" mövzusu yer alıb.
Nazirlik rəsmiləri dezinformasiyanın yayılması ilə bağlı narahatlıqların aradan qaldırılması üçün tədbirlərin görülməsinin zəruri olduğunu bildirib. Həmçinin qeyd olunub ki, görüşün nəticəsi olaraq, məzmun moderasiyasını yaxşılaşdırmaq məqsədilə texniki və alqoritmik həllər hazırlamaq üçün nazirlik və "Meta" nümayəndələrindən ibarət birgə işçi qrup yaradılıb.
Vadim Boreyko
Boreyko AzadlıqRadiosuna bildirib ki, Facebook və Instagram-da hesabların yoxa çıxmasının "Meta"-Qazaxıstan rəsmilərinin əməkdaşlığından qaynaqlandığını sübut edən heç bir məlumat olmasa da, "xronoloji bağlılıq var".
Nə Qazaxıstan İnformasiya və Mədəniyyət Nazirliyinin nümayəndələri, nə də "Meta" rəsmiləri vəziyyəti şərh ediblər.
İyunda Qazaxıstan hökuməti AzadlıqRadiosunun yerli xidmətinin (Radio Azattıq) altı müxbirinə və radionun Qazaxıstandakı nümayəndəliyinin rəhbərinə də akkreditasiya verməkdən imtina edib. Qazaxıstan Xarici İşlər Nazirliyi qərarını qeyri-müəyyən "milli təhlükəsizlik" məsələsi ilə əsaslandırıb. Tənqidçilər bu addımın 2021-ci ildə akkreditasiya müddətini azaldan və ləğv üçün əsasları genişləndirən media qanunlarına edilən düzəlişlərdən qaynaqlandığını deyir. Onlar bildirir ki, bu, xarici və müstəqil media qurumlarını sıxışdırmağa yönəlib.
AzadlıqRadiosu Astana şəhərinin ixtisaslaşmış rayon məhkəməsinə müraciət edərək akkreditasiya imtinasının qanunsuz sayılmasını tələb edən şikayət təqdim edib.
"Hökumətlər bir-birindən öyrənirlər"
Oxşar inzibati addımlar Mərkəzi Asiyanın digər bölgələrində də müşahidə olunur. Bir vaxtlar müstəqil medianın inkişafına görə tərif olunan Qırğızıstanda iyunda parlament mediaya dair qanunu yenidən qəbul edib, bu isə media nəzarətçiləri arasında narahatlıq yaradıb.
Qanun əvvəllər ləğv ediləcəyi planlaşdırılan qeydiyyat və lisenziyalaşdırma nəzarətini yenidən bərpa edib.
Ən önəmlisi isə qanunvericilər bütün onlayn nəşrlər - bloqerlər və xəbər saytları da daxil olmaqla - məcburi qeydiyyatı yenidən tətbiq ediblər. Yeni maddə əsasında qeydiyyat qaydalarını müəyyən etmək, təsdiqləmək və ya ləğv etmək hüququ yalnız Nazirlər Kabinetinə verilib.
Qanun həmçinin Qırğızıstan mediasında xarici sahibkarlıq payını 35 faizlə məhdudlaşdırır. Tənqidçilər bildirir ki, bu məhdudiyyətlər beynəlxalq əməkdaşlığı çətinləşdirir və müstəqil medianın qlobal dəstək imkanlarını məhdudlaşdırır. Jurnalistləri Müdafiə Komitəsi (CPJ) qanunu "təhlükəli" kimi xarakterizə edib və Qırğızıstan prezidenti Sadır Japarova onu veto etməsi üçün çağırış edib. CPJ prezident Japarovdan mətbuat azadlığına dair "sözlü" vədlərini təsdiqləməsini istəyib.
Qırğızıstan səlahiyyətlilərinin müstəqil yayımçı olan "Aprel TV"ni hədəf alması ilə bu müraciətin eşidilmədiyi aydın olur. İyulun 9-da Bişkek məhkəməsi sözügedən kanalın bağlanması, sosial media fəaliyyətinin və yayımının dayandırılması barədə qərar çıxarıb.
Hakimiyyət "Aprel TV"ni dövlət hakimiyyətini zəiflətməkdə, fərdlərə və cəmiyyətə "zərərli təsir" göstərməkdə ittiham edib. Media qurumunun redaktorları ittihamları siyasi motivli adlandıraraq rədd edirlər.
Təzyiq artdıqca, regional ekspertlər xəbərdarlıq edir ki, bu cür koordinasiyalı tədbirlər - hüquqi məhdudiyyətlər, onlayn senzuradan tutmuş, cinayət təqiblərinə qədər - Mərkəzi Asiyada müstəqil jurnalistika üçün şəraiti sistemli şəkildə ağırlaşdırır.
Parisdə yerləşən AHRCA-nın (Mərkəzi Asiyada İnsan Haqları Assosiasiyasının) prezidenti Nadejda Atayeva AzadlıqRadiosuna deyib ki, Qazaxıstanda bir çox jurnalist və onların onlayn reportajları təkcə öz ölkələrində deyil, bütün regionda olduqca populyardır.
"Bu hökumətlər bir-birindən öyrənirlər", - Atayeva bildirib.
"Qazaxıstanda jurnalistlərə qarşı rəqəmsal təzyiqlər, demək olar ki, başqa yerlərdə də baş verəcək", - o deyib.
Yazını AzadlıqRadiosunun aparıcı müxbiri Merhat Şaripjan hazırlayıb.