'Tomahawk' raketləri Ukrayna üçün neyləyə bilər

1976-cı ildə Nyu-Meksikoda sınaqdan keçirilən "Tomahawk" raketinin ilkin versiyası.
"Tomahawk" 1970-ci illərdə Sovet İttifaqı ilə "Soyuq müharibə" gərginliyi fonunda hazırlanıb. Bu qanadlı raket elə dizayn olunub ki, uzaq məsafələrə kifayət qədər aşağı səviyyədə uçaraq əksər radarlara düşmür, eyni vaxtda sərnişin təyyarəsi sürətində uçur.

1986-cı ildə sınaq zamanı "Tomahawk" raketinin reaktiv təyyarənin üzərində partlaması.
5.5 metr uzunluğundakı raket təxminən yarım ton ağırlığında döyüş başlığı ilə təchiz olunub və təxminən 1 min 600 kilometr məsafə qət edə bilir.

"Tomahawk" raketinin məsafə, sürət və dağıdıcı gücünün birləşməsi sayəsində o, hazırda Ukraynanın arsenalındakı heç bir silahla müqayisə oluna bilməz.

Hər bir raket mürəkkəb daxili naviqasiya sistemləri ilə təchiz olunub və təxminən 2 milyon dollara başa gəlir.

2002-ci ildə Cənubi Kaliforniya səmasında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F-14 təyyarəsinin yanında uçan "Tomahawk" raketi.
Kiyev dəfələrlə ABŞ-dən uzaqmənzilli raketlərə çıxış istəyib. 2024-cü ildə Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin "Tomahawk" raketləri üçün müraciət etdiyinə eyham vurub. O zaman bir Ağ ev rəsmisi bu xahişi "tamamilə qeyri-mümkün" adlandırıb.

Britaniya Hərbi Dəniz Qüvvələrinin heyəti 2001-ci ilin noyabrında Hind okeanındakı hərbi dəniz bazasında "Tomahawk" raketini idarə edir.
ABŞ Prezidenti Donald Tramp sülh danışıqlarının ləngiməsinə görə Moskva ilə bağlı getdikcə daha çox məyusluq bildirir. Məlumatlara görə, "Tomahawk" raketlərinin mümkün tədarükü məsələsi yenidən gündəmə gətirilib, Ağ ev Kremlin başladığı müharibənin "ağrısını hiss etməsi" üçün çalışır.

1998-ci ilin noyabrında keçirilən sınaq zamanı sualtı qayığından buraxılan "Tomahawk" San-Klemente adasında hədəfi vurur. Cənubi Kaliforniya yaxınlığındakı bu ada ABŞ Hərbi Dəniz Qüvvələrinin təlim və silah sınağı üçün istifadə olunur.
İyulun əvvəlində telefon danışığı zamanı Prezident Trampın Ukrayna prezidenti Zelenskiyə belə dediyi bildirilir: "Volodimir, Moskvaya zərbə endirə bilərsən? [...] Sankt-Peterburqa da?". Zelenskinin isə belə cavab verdiyi deyilir: "Əlbəttə. Bizə silah versəniz, edə bilərik". Lakin Tramp iyulun 15-də jurnalistlərə açıqlamasında Kiyevi uzaqmənzilli raketlərlə silahlandırmaq niyyətində olmadığını bildirib: "Biz bunu etməyi düşünmürük".

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir gəmi 2011-ci ilin martında Aralıq dənizində "Tomahawk" raketi buraxır.
Ukraynanın bu silahı necə istifadə edəcəyi aydın deyil, çünki "Tomahawk" raketləri adətən hərbi-dəniz gəmilərindən və ya sualtı qayıqlardan buraxılır. Bəzi təyyarələrdən də buraxıla bilər, amma bir ukraynalı rəsminin jurnalistlərə dediyinə görə, strateji bombardmançı təyyarə olmadan "Tomahawk" raketləri "istifadəsi asan olmayan" silahlardır, Kiyevin isə belə təyyarələri yoxdur.

"Tomahawk" qanadlı raketlərini buraxmaq qabiliyyətinə malik ABŞ "Typhon" sistemləri.
"Tomahawk" raketləri üçün yeni hazırlanmış yerüstü buraxılış qurğuları var. Ancaq bu texnologiya hazırda yalnız ABŞ-də silahlanmaya qəbul edilib. Yerüstü qanadlı raket buraxılış sistemlərinin hazırlanmasına 2019-cu ildə - qısa və orta mənzilli raketlərin ləğvi haqqında müqavilənin iflasından sonra başlanılıb. ABŞ ilə Rusiya arasında imzalanmış bu sazişə görə, 500-5500 kilometr məsafə qət edə bilən ballistik və qanadlı raket kompleksləri məhv edilməli idi.

ABŞ prezidenti Donald Trampın Ukraynaya "Tomahawk" raketləri göndərməyi nəzərdən keçirdiyi bildirilir. İndilik bu transfer ehtimalı böyük deyil, amma Vaşinqton bu silahı göndərərsə, Moskva ilə Kiyev arasında döyüşün dinamikası əsaslı şəkildə dəyişə bilər.