Rusiya uşaqları zorla köçürməklə Ukraynanın gələcəyini 'oğurlamaqda' ittiham olunur

Kseniya Koldin və qardaşı Sergiy Rusiyaya getməyə məcbur edilib. İndi hər ikisi evə qayıdıblar.

2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başlayanda Kseniya Koldin doğma Xarkov şəhərindən təxminən 70 kilometr uzaqda yerləşən Vovçansk şəhərində 11-ci sinfi bitirirdi. Altı ay sonra, ölkə müharibə şəraitində olarkən, o və kiçik qardaşı məcburən Rusiyaya aparılıblar. Onlar müharibə cəbhəsində olmasalar da, münaqişənin minlərlə qurbanından birinə çevriliblər. Bu ayın əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiyanı (ukraynalı) uşaqların zorla deportasiyası da daxil olmaqla, insan hüquqlarının sistemli şəkildə pozulmasında günahlandırıb.

Qlobal analitik mərkəz "Globsec"in hazırladığı yeni hesabat daha da irəli gedərək Moskvaya qarşı artan ittihamları - Ukraynanın gələcəyini "oğurlamaq" niyyətini - səsləndirib.

"Rusiyanın əhalinin köçürülməsini və uşaqların deportasiyasını silaha çevirməsi müasir Avropa tarixində mülki əhaliyə qarşı ən məqsədli və dağıdıcı hücumlardan birini təşkil edir",- hesabatın müəllifi, "Globse"in tədqiqatçısı Meqan Qittous bildirib. Müəllif qeyd edib ki, bu strategiya qlobal miqrasiya kontekstində milyonlarla şəxsi insan alveri və istismar riskinə məruz qoyur.

"Bunlar müharibənin təsadüfi nəticələri deyil, əksinə, davam edən müharibədə Ukraynanın demoqrafik davamlığını zəiflətmək üçün hazırlanmış Kremlin hibrid müharibə strategiyasının əsas elementləridir", - 2025-ci ilin iyununda "Globsec" Forumunda təqdim olunmuş hesabatda vurğulanıb.

Kütləvi dron hücumları, cəbhədə gedən döyüşlər və dağıdılmış şəhərlər fonunda minlərlə ukraynalı uşaq evlərindən alınaraq ya Rusiyanın nəzarətində olan Ukrayna ərazilərinə, ya da birbaşa Rusiya və onun müttəfiqi Belarus ərazisinə aparılıb. Onların bəziləri rus ailələrə övladlığa verilib, digərləri isə "yenidən tərbiyə" düşərgələrinə yerləşdirilib. K.Koldin kimi bir çoxu isə Rusiyada məktəbə getməyə məcbur edilib.

Orada keçirdiyi günləri xatırlayan Koldin yaşadıqlarını təhsildən daha çox ideoloji beyin yuyulması kimi təsvir edib. "Hər bazar ertəsi bizdə "Vacib məsələlər haqqında söhbətlər" dərsi olurdu. Bu, məşhur Rusiya təbliğatı idi, guya Rusiya necə möhtəşəmdir və sonra isə məcburən dövlət himnini oxumalı olurduq", - o, AzadlıqRadiosuna bildirib.

Koldinin məktəbə getdiyi üç ay ərzində, onun dediyinə görə, müəllimləri və kollecin rəhbəri onu davamlı olaraq Rusiya vətəndaşlığı almağa inandırmağa çalışıblar. Onlar bildiriblər ki, əgər o, vətəndaşlıq alsa, ona pul və mənzil verilə bilər. Lakin Kseniya bunu rədd edib.

"Bring Kids Back UA" (Uşaqları Ukraynaya Geri Qaytarın) təşəbbüsünün məlumatına görə, 2022-ci ildə işğalın başlanmasından bəri təxminən 19 min 546 ukraynalı uşaq Rusiyaya deportasiya olunub, onlardan yalnız 1 min 399-u Ukraynaya qaytarılıb.

Rusiya ukraynalı uşaqların adlarını dəyişdirməkdə də ittiham olunur və bu addımın məqsədi onların qohumlarına və yaxınlarına çatmaq imkanlarını əngəlləməkdir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Hüquq müdafiəçisi: "Ukraynalı uşaqları Çeşenistana aparıb öz ölkəsinə qarşı nifrət aşılayırlar"

"Emile Foundation" təşkilatının həmtəsisçisi və zorla deportasiya olunmuş uşaqların geri qaytarılması prosesində çalışan Mariam Lambert bildirib ki, hazırda Rusiyada olan ukraynalı uşaqlara göstərilən təzyiq "məqsədli və təşkilatlanmış bir cinayətdir".

"Ukraynadakı uşaqlar Rusiyanın hədəfinə çevrilir, məqsəd onların kimliyinin tamamilə silinməsidir", - Lambert AzadlıqRadiosuna bildirib.

"Bütün məqsəd Rusiyada yeni bir nəsil formalaşdırmaqdır. Bu isə Cenevrə Konvensiyasına görə cinayətdir", - o əlavə edib.

Moskva isə uşaqların köçürülməsi ilə bağlı hər hansı cinayət törətdiyini inkar edir və bunun əksinə olaraq, onların müharibədən xilas etdiyini iddia edir.

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) isə bu məsələyə tam fərqli yanaşır.

2023-cü ilin martında məhkəmə Rusiya prezidenti Vladimir Putin və ölkənin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belova barəsində həbs orderi verib. Məhkəmə onların müharibə zamanı uşaqların qeyri-qanuni deportasiyası və köçürülməsi ilə bağlı müharibə cinayətinə görə məsuliyyət daşıdığını bildirib.

Ukraynanın mülki şəxslərin və hərbi əsirlərin geri qaytarılması ilə məşğul olan dövlət rəsmisi, Ukrayna ombudsmanı Dmitro Lubinets isə deyib ki, Rusiya Ukrayna uşaqları ilə bağlı məlumatları bölüşməkdən yayınır.

"Bizim baxış bucağımızdan, ukraynalı uşaqların deportasiyasının əsas məqsədi tam aydındır: onları Rusiyanın gələcək əsgərlərinə çevirmək", - Lubinets AzadlıqRadiosuna müsahibəsində vurğulayıb.

"Onların doğum şəhadətnamələri və təhsil sənədləri də daxil olmaqla bütün sənədləri dəyişdirilir. Onlar yalnız rus dilində danışmağa və özlərini rus kimi təqdim etməyə məcbur edilirlər", - Ombudsman Lubinets əlavə edib.

AzadlıqRadiosunun Ukrayna xidmətinin "Sxema" araşdırma layihəsinin 2023-cü ilin dekabrında yayımladığı araşdırmaya görə, Rusiya işğal altındakı Ukrayna ərazilərində gəncləri öz tərəfinə çəkmək və onları doğma ölkələrinə qarşı vuruşmağa hazırlamaq üçün "Yunarmiya" adlı militarist gənclər təşkilatından istifadə edir.

Krımın işğalından sonra Kiyevə köçürülmüş "Regional İnsan Hüquqları" Mərkəzinin hüquqşünası Katerina Raşevska bu barədə deyib: "Yunarmiya" xüsusi olaraq yalnız rus uşaqlarını deyil, həm də işğal olunmuş ərazilərdən olan ukraynalı uşaqları militarist yenidən tərbiyəsi məqsədilə yaradılıb".

Övladlarını axtaran və onları yenidən Ukraynaya qaytarmağa çalışan valideynlərin ifadələri isə Lubinetsin fikirlərini təsdiqləyir. "Globsec"in hesabatında bir neçə valideynin ifadələrinə istinad edilib və bu ifadələrdə bildirilib ki, Rusiya rəsmiləri uşaqların geri qaytarılmasını çətinləşdirmək üçün maneələr yaratmağa çalışır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Putinin 'gənclər ordusu': Rusiya məktəblərində təbliğata qurban gedən uşaqlar

"Beyin yuma"

Uşağını geri qaytarmağa cəhdlər edən valideynlərdən biri, Tatyana adlı qadın bildirib ki, 2023-cü ildə Krımdakı düşərgəyə aparılmış oğlunun geri qaytarılmasına çalışarkən, Rusiya rəsmiləri onu Ukrayna kəşfiyyatına işləməkdə ittiham edib və bir neçə gün müddətinə saxlayıblar.

K.Koldin isə deyib ki, Rusiyada qardaşından ayrıldıqdan sonra onu geri almağa çalışarkən başqa bir problemlə üzləşib. Qardaşı hazırda 14 yaşındadır. O, beş həftə yay düşərgəsində olub, sonra verildiyi yeni rus ailəsi ilə Krasnodarın Abinsk şəhərinə köçüb.

Kseniyanın sözlərinə görə, orada "onun beynini yumağa başlayıblar".

"Onlar Ukraynada nasistlərin fəaliyyət göstərdiyini, onu öldürmək istədiklərini, Ukraynada heç kimə lazım olmadığını, orada müharibə olduğunu və ora getməməli olduğunu söyləyiblər", - Koldin bildirib.

Özünə yeni dostlar tampış Kseniyanın qardaşı qayıtmağa istəkli olmayıb və Ukraynada onu nə gözlədiyini eşidəndə qorxurmuş.

"Biz üç saat danışdıq, bu müddət ərzində mən onu mənimlə getməyə razı salmağa çalışdım. O, qətiyyən getmək istəmirdi", - Koldin qeyd edib. "O, faşistlərin orada olduğunu, burada qalmaq istədiyini, müharibənin davam etdiyini və bombardmanların olduğunu deyirdi".

14 yaşlı yeniyetmə, nəhayət ki, razılaşıb və onu övladlığa götürən rus anası ayrılarkən rus qadın onlara deyib: "Gedin, Ukraynanıza gedin, onsuz da o tezliklə Rusiya olacaq".

Ukrayna uşaqların geri qaytarılmasını Rusiyayla çətin sülh danışıqlarında əsas mövzulardan biri kimi irəli sürüb.

Lubinets deyib ki, Rusiya rəsmiləri uşaqları geri qaytarmaq istəmir, çünki onlar "hər bir geri qaytarılan uşağın potensial şahid olduğunu tam başa düşürlər".

"Rus təbliğatının hər gün onların üzərində işlədiyini etiraf etməliyik", - o qeyd edib.

K.Koldin bildirib ki, qardaşının yenidən assimilyasiya keçməsi, uyğunlaşması bir neçə ay çəkib.

O, qardaşının indi məktəbə getdiyini və "yaxşı" ukraynalı himayədar ailənin himayəsində yaşadığını bildirib. Onların hər ikisi indi Kiyevdə yaşayır və həftə sonları bir-birlərini görürlər.

Kseniya eyni zamanda şanslı olmayan başqa uşaqlar üçün də mübarizəyə davam edir. O, "Ukraynanı xilas et" təşkilatının səfiridir, deportasiya edilən və onunla oxşar təcrübəsi olan uşaqların səsidir.

Yazını AzadlıqRadiosunun Ukrayna xidmətinin əməkdaşları Katerian Farbar, Maryana Sıç və radionun Balkan xidmətinin əməkdaşı Una Çiliç hazırlayıb.