"Sputnik-Azərbaycan" bağlanır
Kremlə yaxın "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov "Sputnik-Azərbaycan"ın bu ölkədə fəaliyyətini davam etdirməsi üçün şəraitin olmadığını bildirib.
""Rossiya Seqodnya" "Sputnik-Azərbaycan"ın rəhbərləri olan iki Rusiya vətəndaşının artıq dördüncü gündür Bakıda saxlanmasından dərin narahatdır. Onlarla birlikdə redaksiyanın bir neçə əməkdaşı - Azərbaycan vətəndaşları da saxlanıb... Təəssüflə bildiririk ki, bu gün "Sputnik-Azərbaycan"ın bu ölkədə fəaliyyətini davam etdirməsi üçün heç bir şərait yoxdur... Əməkdaşlarımız əsassız ittihamlarla üzləşiblər, uydurma bəhanə ilə həbs olunublar. Öz tərəfimizdən jurnalistlərimizin hüquqi müdafiəsini bütün mövcud vasitələrlə təmin edəcəyik", - bəyanatda vurğulanır.
Azərbaycan saxlanılan rusiyalılarla görüşə razılıq verib
Rusiyalı diplomatların Azərbaycanda saxlanılan Rusiya vətəndaşları ilə görüşməsinə razılıq verilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycanda saxlanılan 13 rusiyalı vətəndaşa konsulluq işçilərinin baş çəkməsinə razılıq verilib", - o bildirib.
'Amnesty International': Azərbaycanda və Rusiyada polis əməliyyatlarında hüquq pozuntuları araşdırılmalıdır
Rusiyada Azərbaycan diasporunun üzvlərinin, Azərbaycanda isə həmin ölkə vətəndaşlarının kütləvi saxlanması və işgəncəyə məruz qalması ilə bağlı xəbərlərə münasibətdə "Amnesty International"ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers deyib ki, hər iki ölkədə polis əməliyyatları zamanı hüquq pozuntuları araşdırılmalıdır: "Onların hakimiyyətləri insan ləyaqətinə tamamilə etinasız yanaşdıqlarını və insan hüquqları üzrə öhdəliklərinə açıq-aşkar hörmət etmədiklərini göstəriblər. İşgəncə, digər pis rəftar beynəlxalq hüquqla qəti şəkildə qadağandır və bunun heç bir əsaslandırması ola bilməz. Baş verənlər, görünür, sadəcə etnik mənsubiyyətə və vətəndaşlığa əsaslanan qarşılıqlı cavab xarakterli polis əməliyyatlarıdır".
O vurğulayıb ki, saxlanılan şəxslərin hüquqları və hüquqi prosedurlara hörmət dövlətlər arasındakı siyasi gərginliklərdən üstün olmalıdır.
"Hakimiyyətlər qanunsuz qətllər, işgəncə və digər pis rəftarla bağlı iddiaları dərhal, hərtərəfli, müstəqil, qərəzsiz şəkildə araşdırmalı, məsuliyyət daşıyanlar ədalət qarşısına çıxarılmalıdır", - "Amnesty International"ın rəsmisi əlavə edib.